BAKI, 11 fevral. TELEQRAF

“Xorvatiyada qulağımdan əməliyyat keçirdim. Həkim 10 gün sonra tikişləri açacaq”.

Bu sözləri Teleqraf-a açıqlamasında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Zagreb Open” turnirində qulağından zədə alan güləşçimiz Həsrət Cəfərov deyib.

67 kq çəkidə ölkəmizi təmsil edən idmançı moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb yarışı tərk etməsi barədə danışıb: “Yarışda qulağımdan zədə aldım və əməliyyat keçirdim. İndi özümü yaxşı hiss edirəm, Azərbaycandayam. Yəqin 15 gün sonra yavaş-yavaş məşqlərə başlayacam. Yarışı dayandırmağım psixolioji olaraq da təsir etdi. Çünki hesabda öndə idim, buna görə görüşü uduzdum. Yəqin ki, belə qismət imiş. Turnirə yaxşı hazırlaşmışdıq. İlin ilk yarışı idi. Həm də formada idim. Deyirdim ki, yarışı udaram, belə hadisə yaşadım.İnşallah, Avropa və Dünya çempionatında olmaz. Qarşıda apreldə Avropa çempionatı bizi gözləyir, ona hazırlaşcağıq”.

Qeyd edək ki, Həsrət Cəfərov Zaqrebdə keçirilən reytinq xarakterli “Zagreb Open” turnirində Olimpiya Oyunlarından sonra ilk yarışına çıxmışdı. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nadaya məğlub olub.