BAKI, 28 noyabr. TELEQRAF

“Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad maraqlarımıza uyğun deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunmasına və parlament müxalifətinin bu məsələdəki mövqeyinə toxunan siyasətçi qeyd edib: “Münaqişədən doğan bəyannamənin Konstitusiyaya daxil edilməsi maraqlarımıza uyğun deyil. Bu, Ermənistanı zəiflədir və önümüzdəki qapıları bağlayır”.

Mehrabyanın fikrincə, müxalifət bu yolda hakimiyyətə mane olmağa çalışır: “Ermənistanın irəli şütüyən təkərlərinə biz kimi soxulmağa çalışırlar ki, onu dayandırsınlar”.

O hesab edir ki, parlament müxalifəti Milli Məclisdə yeni Konstitusiya dəyişikliyi prosesinə mane olsa, Nikol Paşinyan hökuməti erkən parlament seçkilərinə gedəcək: “Növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə bu, müxalifətin sonu olacaq”.

Ruben Mehrabyan Baş nazir Nikol Paşinyanın dekabrda Rusiyaya planlaşdırılan səfərinə də toxunub: “Qarşı tərəf yaşlanmış, yaralı vəhşi heyvandır. Moskvada çətin görüş gözlənilir. Putin Ermənistandan birtərəfli güzəştlər tələb edəcək, Paşinyan hazır olmalıdır”.

Siyasətçi əlavə edib ki, Rusiya TRIPP layihəsinin icrasının ona xoş gəlmədiyini açıq şəkildə vurğulayır: “Çirkli burnunuzu və üzünüzü işlərimizdən çəkin. Allah bizi qoruyub ki, Rusiya ilə ortaq sərhədimiz yoxdur”.