BAKI, 28 noyabr. TELEQRAF

Pentaqon İranın zərbələri nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki obyektlərində yerləşdirilən hərbçilərin böyük hissəsini başqa ərazilərə köçürmək məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Bildirilib ki, Bəhreyndə yerləşdirilmiş 8 mindən çox amerikalı hərbçinin yalnız kiçik bir hissəsi ölkədə qalıb. ABŞ-nin Bəhreyndə və ümumilikdə Fars körfəzi regionundakı hərbi mövcudluğunun gələcəyi isə qeyri-müəyyən olaraq qalır.

ABŞ Konqresinin hesablamalarına görə, İranın zərbələri nəticəsində Bəhreyndəki Amerika hərbi obyektlərinə təxminən 400 milyon dollar ziyan dəyib.

Nəşr qeyd edib ki, yerli əhalinin bir hissəsi ABŞ-nin hərbi mövcudluğunun Bəhreynin təhlükəsizliyini təmin etmək əvəzinə, ölkəni daha həssas vəziyyətə saldığını düşünür.

Pentaqonda da Bəhreyndəki hərbi obyektlərin müharibədən əvvəlki fəaliyyət rejiminə nə vaxt qayıdacağının, ümumiyyətlə, bunun mümkün olub-olmadığının bilinmədiyi etiraf edilir.

Daha əvvəl nəşr ABŞ-nin regiondakı hərbi qüvvələrinin İsrailə və ya İordaniyaya köçürülməsi ehtimalı barədə məlumat yaymışdı.

Qeyd edək ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı yerləşir. Donanmanın əməliyyat məsuliyyəti zonasına Fars körfəzi, Qırmızı dəniz, Hind okeanının bir hissəsi və regionun digər su hövzələri daxildir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-də ABŞ İranı Ormuz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.