BAKI, 28 noyabr. TELEQRAF

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynaya əlavə 45 milyard avro ayrılması ilə bağlı açıqlamasını dəlilik adlandırıb.

Teleqraf xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Filippo pensiyaların ödənilməsi, xəstəxanaların maliyyələşdirilməsi və fermerlərə dəstək göstərilməsi üçün kifayət qədər vəsaitin olmadığını diqqətə çatdırıb.

“Ukraynaya daha bir avro, bir ədəd belə silah verilməsin. Avropa İttifaqından çıxaq!” – siyasətçi bildirib.

Filipponun hesablamalarına görə, nəzərdə tutulan 45 milyard avronun 8,5 milyardı Fransanın payına düşəcək.

Xatırladaq ki, Ursula fon der Lyayen daha əvvəl müharibənin başlanmasından bəri Ukraynaya ayrılan 235 milyard avroluq vəsaiti yetərli hesab etmədiyini bildirmişdi.