BAKI, 26 noyabr. TELEQRAF

Ermənistanın yeni Konstitusiya layihəsi ictimai müzakirələrin nəticələrinə əsasən təkmilləşdiriləcək. Lakin sənədin yekun mətni "Real Ermənistan" ideologiyası çərçivəsindən kənara çıxa bilməz.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasında bildirib.

O, vətəndaşları, təşkilatları, dövlət və yerli özünüidarəetmə orqanlarını Konstitusiya layihəsinin müzakirəsində fəal iştirak etməyə çağırıb:

"Hazırda layihənin ilkin variantı hazırlanıb və növbəti mərhələdə həmin mətn əsasında müvafiq dəyişikliklər ediləcək. Layihə üzrə müxtəlif təkliflər müzakirə oluna bilər, lakin yekun sənəd "Real Ermənistan" ideologiyasının əsas prinsiplərinə uyğun olmalıdır".

O, ictimai müzakirələrin mümkün qədər əhatəli və açıq keçirilməsinin vacibliyini vurğulayıb:

"İnklüzivlik bütün təkliflərin sənədə daxil edilməsi demək deyil. Konstitusiya layihəsi vahid istiqamətə və daxili ardıcıllığa malik olmalıdır".

Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunub.