BAKI, 27 noyabr. TELEQRAF

“Rusiya mövcud vəziyyəti anlayaraq, bir tərəfdən guya erməni xalqına qarşı dostluq nümayiş etdirməyə çalışır, digər yandan isə özünün buradakı agentlərinə təxribatlar törətmək barədə göstərişlər verir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədri Levon Şirinyan deyib.

“Rusiya quyruq bulamağa başlayıb, guya erməni xalqının dostu olduğunu göstərməyə çalışır. Amma öz əlaltılarına, agentlərinə də əmr verir ki, daha sərt vursunlar. Bunlar Mariya Zaxarovanın ordusudur. Rusiyanın buradakı “zir-zibil”i Araz çayına atılmalıdır”, - siyasətçi bildirib.

Levon Şirinyan əmindir ki, Nikol Paşinyan hökumətinin opponentlərinə göstərişləri Rusiya verir: “Rusiya səfirliyi siyahını təqdim edib, Lyovik də başlayıb oxumağa. Onların dərdi müstəqillik deyil, bu pozğunlar xaricilərə xidmət edirlər”.

Partiya sədrinin sözlərinə görə, Rusiya TRIPP layihəsinin reallaşmasını da istəmir: “Əslində, onların əsas dərdi TRIPP-dir. Belarusun dili ilə bizə deyirdilər ki, hara istəyirsiniz, gedin, indi isə yalvarırlar ki, getməyin”.

Şirinyan əlavə edib ki, müxalifət Konstitusiya dəyişiklikləri ilə bağlı məsələlər üzrə məzmunlu müzakirələrə qoşulmur, çünki məğlub olmaqdan qorxur:

“Müxalifət məzmunlu müzakirələrə girmir ki, darmadağın olmasın. Mariya Zaxarova da deyir ki, heç bir müzakirə aparılmasın, qəbul etmirik, vəssalam. Köçəryanla Sərkisyan da bir-birinə nifrət edirlər, amma eyni yuvanın quşudurlar. Onları birləşdirən də Mariya Zaxarovadır”.