BAKI, 28 noyabr. TELEQRAF

Macarıstanın Baş naziri Peter Madyarın rəhbərlik etdiyi hökumət Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın “Magyar Hang” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Macarıstanın Əcnəbilərlə İş üzrə Milli İdarəsi xüsusi xidmət orqanlarının hazırladığı rəy əsasında müvafiq qərar qəbul edib. Xüsusi xidmət orqanları ukraynalı komandirin ölkənin milli təhlükəsizliyinə təhdid yaradıb-yaratmadığını qiymətləndiriblər.

Qeyd edək ki, “Madyar” ləqəbli Robert Brovdinin Macarıstana və Şengen zonasının digər ölkələrinə girişinə 2025-ci ilin avqustunda Viktor Orban hökuməti tərəfindən qadağa qoyulmuşdu. Buna onun Rusiyanın ərazisindəki “Drujba” neft kəmərinə hücumların təşkilatçısı olması əsas gətirilmişdi.

Macarıstanın o zamankı xarici işlər naziri Peter Siyarto bu hücumları ölkəsinin suverenliyinə və enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi.

Macarıstan hazırda da neft tələbatının böyük hissəsini bu kəmər vasitəsilə təmin edir.

Rusiya hakimiyyəti isə Brovdini bir sıra hücumların təşkilində ittiham edərək beynəlxalq axtarışa verib. Rusiya məhkəməsi onun barəsində qiyabi ömürlük həbs hökmü çıxarıb.