BAKI, 18 avqust. TELEQRAF

“Məsələ çox sadədir: agentura yeni tapşırıq alıb və onu yerinə yetirir. Gürcüstanın Abxaziyanı Rusiyaya necə təhvil verməli olduğuna dair kampaniyaya başlayıblar”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Qvaramiya açıq şəkildə söyləyir ki, Abxaziyanı təhvil vermək ağrıdan və tarixi yaddaşdan azad olmaq demək olardı. Bu kontekstdə o, Ermənistanda baş verən hadisələrə diqqət çəkib və bunları birbaşa Abxaziya məsələsi ilə əlaqələndirib.

Bir neçə ay öncə daha bir xarici agent - David Berdzenişvili ilə də bu məsələni test etmişdilər. Berdzenişvili aylar əvvəl eyni şeyi demişdi, Ermənistanın bu tarixi yaddaşdan və ağrıdan azad olmaq üçün “müdrik qərar” qəbul etdiyini söyləmişdi. Görünür, Berdzenişvili məsələni gündəmə gətirmək üçün kifayət qədər uyğun səviyyədə olmayıb, indi isə daha bir xarici agenti - Qvaramiyanı ortaya atıblar və eyni mövzunu ona danışdırırlar”, - baş nazir bildirib.

İrakli Kobaxidze çıxışının davamında qeyd edib: “Bu, vahid zəncirdir. Xarici agentura adətən tapşırıqlar alır, sonra onları yerinə yetirir. Gürcüstanın Abxaziyanı Rusiyaya necə təhvil verməli olduğuna dair kampaniyaya başlayıblar. Bu, kampaniyanın çox aydın istiqaməti var”.

Gürcüstan Baş naziri müxalif siyasətçiləri “vətənsiz agentlər” adlandırıb.

Gürcüstanın müxalifət alyansının liderlərindən biri Nika Qvaramiya bundan əvvəl “Formula” telekanalının efirində bildirmişdi:

“Paşinyana ona görə heyranam ki, o, travmaların öhdəsindən gəlməyi bacardı. Bu, Qarabağın təhvil verilməsi idi, elə deyilmi? Müharibə oldu, ardınca (müharibədə uduzduqdan sonra - red.) Ermənistan bəyan etdi ki, “məni bundan xilas edin, aparın”.

Xatırladaq ki, Ermənistan Nikol Paşinyan 44 günlük müharibə zamanı və ora qədər Qarabağın Azərbaycana məxsus olduğunu bildirməyib. Müharibədən təxminən iki il sonra Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, çox sonralar da bunun “Ermənistan üzərində yük” olduğunu bəyan edib. Ona qədər isə məsələyə Ermənistan dövlətinin işğalçı-separatçı konsepsiyası çərçivəsində baxıb. Bu mövqeyin dəyişib-dəyişmədiyi isə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan Konstitusiyasınında dəyişiklik edilib-edilməyəcəyi ilə məlum olacaq. Bu, yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir.

Müharibə isə Nikol Paşinyanın “Qarabağ Ermənistandır” təxribatına və ora qədər 30 il davam edən işğala Azərbaycanın ən haqlı reaksiyası idi. Bu, Qarabağın Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi prosesi yox, Ermənistanın davam edən işğalının və diplomatik həll prosesindən boyun qaçırmasının doğurduğu nəticəydi. Yekunda da Azərbaycan işğal edilmiş ərazilərini və ərazi bütövlüyünü bərpa etdi.