BAKI, 13 avqust. TELEQRAF

Ermənistan hökuməti kənd təsərrüfatı məhsullarını Avropa İttifaqı (Aİ), Böyük Britaniya və Kanada bazarlarına ixrac edən sahibkarlara 5,365 milyard dram (təxminən 14,7 milyon dollar) məbləğində subsidiyanın verilməsi layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu hökumətin avqustun 13-də keçirilən iclasında baş verib.

Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan bildirib ki, vəsait ixracatçıların iyul ayında ölkədən çıxardıqları məhsullara çəkdikləri xərclərin kompensasiyasına yönəldiləcək.

Onun sözlərinə görə, iyul ayında Ermənistandan 2,3 min ton bibər, 1,6 min ton pomidor, təxminən 7 min ton ərik, 1,7 min ton gilas, 430 ton gavalı və 1,6 min ton şaftalı və nektarin ixrac edilib.

Moskva bundan əvvəl Ermənistan məhsullarının Rusiyaya idxalını məhdudlaşdırıb. Məhdudiyyətlər mineral su və spirtli içkilərdən tutmuş tərəvəz, meyvə və süd məhsullarına qədər müxtəlif məhsulları əhatə edir.

Ermənistan hökuməti iyunun əvvəlində məhsulların Aİ, Kanada və Böyük Britaniya bazarlarına ixracını stimullaşdırmaq məqsədilə bir sıra subsidiya paketləri təsdiqləyib. Bu proqramlar ixracatçıların logistika və gömrük xərclərinin kompensasiya edilməsini nəzərdə tutur.