BAKI, 23 iyul. TELEQRAF

İraq hakimiyyəti “Əl-Qaidə” və İŞİD terror təşkilatlarına qarşı mübarizə məqsədilə yaradılmış Birləşmiş Operativ Komandanlığın ləğv edilməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Shafaq News” telekanalı məlumat yayıb.

Qərara əsasən, komandanlıq indiki formada fəaliyyətini dayandıracaq, onun səlahiyyətləri isə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının Administrasiyasına veriləcək və həmin strukturun tərkibində yenidən təşkil olunacaq. Hazırda İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkənin Baş naziri Əli əz-Zeydi hesab olunur.

Mənbələr dəqiqləşdirməyiblər ki, bu qərar bir neçə vilayətdə fəaliyyət göstərən regional komandanlıq strukturlarını da əhatə edəcək, yoxsa yalnız Bağdaddakı baş qərargahın ləğvi və səlahiyyətlərinin Ali Baş Komandana verilməsi ilə məhdudlaşacaq.

Qeyd edək ki, Birləşmiş Operativ Komandanlıq 2007-ci ildə, “Əl-Qaidə”nin İraqda fəal olduğu dövrdə yaradılıb. Məqsədi müdafiə, daxili işlər və digər təhlükəsizlik qurumlarının fəaliyyətini Silahlı Qüvvələrin Ali Baş Komandanının birbaşa rəhbərliyi altında əlaqələndirmək olub. Sonradan bu komandanlıq İŞİD-ə qarşı hərbi əməliyyatların koordinasiyasında, eləcə də ölkənin müxtəlif vilayətlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə yerli təhlükəsizlik strukturları ilə əlaqələrin qurulmasında əsas rol oynayıb.