BAKI, 30 aprel. TELEQRAF

Dövlətin imkanları artdıqca, Ermənistan sərhədçiləri mərhələli şəkildə İran və Türkiyə ilə sərhədlərdə yerləşdiriləcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bəyan edib.

Hökumət başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərində imzalanmış sazişə əsasən, Ermənistan Sərhəd Qoşunlarının imkanlarının inkişafına paralel olaraq dövlət sərhədinə nəzarət tədricən onların idarəçiliyinə keçməlidir.

"Qeyd etmək istəyirəm ki, sərhədlərin mühafizəsinə görə Rusiya sərhədçilərinə ödəniş edirik. Rusiya tərəfinin cari vəsaitlərin bu xidmətin göstərilməsi üçün kifayət etməməsi səbəbindən ödənişlərin artırılması məsələsini qaldırdığı hallar olub", – N. Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti ödənişlərin artırılması ilə bağlı xərclənə biləcək vəsaitlərin yerli sərhədçilərin imkanlarının inkişafına yönəldilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirir. Nikol Paşinyan əlavə edib ki, resurslar artdıqca sərhədin daha çox hissəsi yerli qüvvələrin nəzarətinə keçə bilər.

O hesab edir ki, Rusiya sərhədçiləri Ermənistan üçün məqbul olan məbləğ daxilində işlərini davam etdirə bilərlər, nəzarətin qalan hissəsini isə İrəvan mərhələli şəkildə öz üzərinə götürəcək.

Xatırladaq ki, 2026-cı ilin fevralında Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki "Axurik" buraxılış məntəqəsində Rusiya sərhədçilərini əvəz ediblər. Bundan əvvəl isə Rusiya sərhədçiləri Türkiyə ilə sərhəddəki "Marqara" və İranla sərhəddəki "Aqarak" buraxılış məntəqələrindən çıxıblar.