BAKI, 5 noyabr. TELEQRAF

“Süni intellekt dövlət xidmətlərini təkmilləşdirə bilər, lakin müvafiq təminatlar olmadıqda bərabərsizliyi dərinləşdirmək riski də daşıyır. Buna görə də texnologiyalardan ictimai maraqlar naminə istifadə edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu BMT-nin proqram rəhbəri Adriana Alberti Bakıda keçirilən “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə bildirib.

A.Alberti vurğulayıb ki, 2050-ci ilə qədər dünya əhalisinin artımının üçdə ikisinin şəhərlərin payına düşəcəyi gözlənilir. Bu isə yerli idarəetmə orqanlarının qarşısında yeni və mürəkkəb vəzifələr yaradır.

O, gələcəyə hazır idarəetmə üçün dörd əsas istiqaməti qeyd edib. Bunlara uzunmüddətli planlaşdırma və strateji yanaşmanın gücləndirilməsi, insan mərkəzli innovasiyaların tətbiqi, inklüziv idarəetmənin inkişafı, eləcə də dövlət xidmətlərinin real nəticələrinin qiymətləndirilməsi daxildir.

BMT rəsmisi “ASAN xidmət” mərkəzlərinin bu istiqamətdə uğurlu nümunə olduğunu bildirib.

"İdarəetmənin gələcəyi əvvəlcədən müəyyən edilməyib, qəbul edilən qərarlardan, yaradılan institutlardan və qorunan dəyərlərdən asılıdır", - A.Alberti əlavə edib.