BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın tələbi ilə konstitusiyanı dəyişdirmək üçün bütün variantlardan istifadə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, o, dünən Ermənistan konstitusiyasının dəyişdirilməsinin, xüsusilə də Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Əsas Qanunun preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasının Bakının tələbi olduğunu təsdiqləyib. Qeyd olunub ki, bu, Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələb və ilkin şərtlərdən biridir.

Paşinyan bəyan edib ki, hakimiyyət konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün müxalifətə qarşı ictimai təzyiq formalaşdırmalıdır.

“Past” İrəvanda gedən müzakirələrlə bağlı vurğulayıb:

“Ümumiyyətlə, Paşinyan dünən parlamentə əvvəlcədən elan edilmiş başqa bir gündəmlə - 2027-ci il dövlət büdcəsi layihəsinin parlamentin müvafiq komitələrinin birgə iclasında müzakirəsi üçün gəlmişdi. Amma onun danışdığı məsələ Bakının diktə etdiyi nəyin bahasına olur-olsun, yeni konstitusiyanın qəbul edilməsinə nail olmaq idi. O, məsələni elə təqdim etdi ki, müxalifət yeni konstitusiyanın qəbulunun sazişin imzalanmasına və hərtərəfli sülhün bərqərar olmasına zəmanət verib-verməyəcəyini soruşur.

Ardınca Paşinyan belə bir bəyanat verdi:

“Əgər Ermənistanın hakim çoxluğu bu suala aydın şəkildə müsbət cavab versə və bundan irəli gələn suallara da inandırıcı cavablar təqdim etsə, onda öz qənaətimi ifadə etməyə icazə verin: belə müsbət cavablar olduğu halda, biz yeni konstitusiyanın qəbul edilməsi prosesinə başlasaq, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti seçki məntəqələrinə gedəcək və onun lehinə səs verəcək. Əgər müsbət cavablar alsaq, parlament müxalifəti isə buna qarşı çıxsa, bu, müxalifətin Azərbaycanla sülhün əleyhinə olduğu anlamına gələcək. Bu halda, şübhəsiz, müxalifətə qarşı ictimai təzyiq formalaşmağa başlayacaq. Hesab edirəm ki, Ermənistanın hakim çoxluğu bu təzyiqə rəhbərlik etməlidir”.