BAKI, 30 aprel. TELEQRAF
Ermənistan Baş nazir Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanın Qarabağ ermənilərinin geri qaytarılması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.
Ermənistan Baş nazirinin sözlərinə görə, Samvel Karapetyan kənardan aldığı təlimat əsasında belə danışır: “Kaluqalı oliqarx nə və niyə dediyini anlamır. Tapşırıq verirlər, o da belə deyir. Məsələlərin qarşılıqlı əlaqəsini belə başa düşmür”.
Həmçinin Paşinyan vurğulayıb ki, vaxtilə Qarabağ, Bakı və Azərbaycanın digər bölgələrində yaşamış ermənilərin qayıdışı da Bakı ilə müzakirə olunmur, olunmayıb: “Çünki bu istiqamətdə aparılan müzakirələr mövcud vəziyyətə təxribatçı təsir göstərir”.
Baş nazir Ermənistanın radikal müxalifəti bu məsələlərlə bağlı müzakirələri qızışdırmaqda ittiham edib və bunları “ucuz daxili siyasi spekulyasiyalar” adlandırıb.