BAKI, 2 noyabr. TELEQRAF

“Tarix göstərib ki, zəmanətçilərin iştirak etdiyi bütün proseslər fəlakətlə nəticələnib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlament müxalifətinin Rusiyanın “Tramp marşrutu”nda zəmanətçi olması ilə bağlı təkliflərini şərh edərkən deyib.

Baş nazir qeyd edib ki, Ermənistanda müxalifətin fəaliyyəti müəyyən zəmanətçilərin (Rusiyanı nəzərdə tutur - red.) verdiyi zəmanətlərlə bağlıdır: “Digər bütün hallarda olduğu kimi, bu dəfə də, xoşbəxtlikdən müxalifət üçün zəmanətçilərin himayəsi altında fəaliyyət siyasi fəlakətlə başa çatacaq. Məndə olan məlumatlar belə bir iddia irəli sürmək üçün kifayətdir. Müxalifət nümayəndələrinə tərəfdaşlıq xidməti göstərərək deyirəm ki, hələ də bu fəlakətdən yayınmaq üçün vaxtları var”.

Paşinyan vurğulayıb ki, müəyyən qüvvələrin qarşısına Ermənistanın nəzərdə tutulan iqtisadi öhdəliklərini yerinə yetirə bilməməsini təmin etmək vəzifəsi qoyulub:

“Ermənistanda bütün bu prosesi müəlliflərinin özlərinin “Gizli plan” adlandırdıqları şərti başlıq altında təqdim edə bilərik. Gizlətmək istəmirəm: bu plan Avrasiya İqtisadi Birliyinin və Rusiya Federasiyasının müəyyən dairələrində dəstəklənir”.