BAKI, 15 aprel. TELEQRAF
“Sülh hələ yenidir, körpə kimidir, buna görə də gündəlik qayğıya ehtiyac duyur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Xüsusilə bu gün, həmin bu körpə sülh “üçbaşlı müharibə partiyası” və onları dəstəkləyən qüvvələrin əsas hədəfinə çevrilib. Bu “üçbaşlı müharibə partiyası” sülhün yenidən nəzərdən keçirilməsindən və ya danışıqlar predmetinə çevrilməsindən danışır. Bağışlayın, amma kim zəmanət verə bilər ki, həmin danışıqlar nəticəsində sənəd daha yaxşı olacaq? Bu gün həmin qüvvələr Qarabağ və ətraf rayonları əhatə edən “xəritələrlə” və onları simvolizə edən “bayraqlarla” (Azərbaycana qarşı ərazi iddiası ilə - red.) çıxış edirlər”, - o bildirib.
Nikol Paşinyan keçmiş münaqişənin Ermənistan üçün tələ olduğunu söyləyib:
“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi bizim geosiyasi tələdə olduğumuzu əks etdirən fəlsəfə və konsepsiyadır. Biz bunu anlamamışıq. Bəlkə də bunu anlayan insanlar olub, amma dilə gətirməyiblər, çünki qorxublar. Elə insanlar da olub ki, həm anlayıblar, həm də bunu deyiblər, amma biz ya onları dinləməmişik, ya da onların səsinin eşidilməsinə imkan verməmişik, yaxud nə danışdıqlarını anlamadığımızı düşündüyümüz üçün onları susdurmuşuq. Halbuki biz, o cümlədən mən 1988-ci ildən etibarən nə etdiyimizi anlamamışıq.
Tarixdən aldığımız dərslərə baxmayaraq, özümüzə qarşı hər şeyi etmişik. Amma bu gün deyə bilirik ki, biz – hökumətimiz tariximizin dağıdıcı istiqamətini dəyişdirmişik və Ermənistanı yaradıcı və sülhyönümlü inkişaf yoluna çıxarmışıq”.
Xatırladaq ki, Nikol Paşinyan “üçbaşlı müharibə partiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və digər oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutur.