BAKI, 19 mart. TELEQRAF
“Məni həmişə bir sual düşündürür: niyə Robert Köçəryan “Daşnaksütyun”a üzv olmur? Halbuki onun ideologiyası və yanaşmaları bu çərçivəyə uyğundur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.
Sərkisyan hesab edir ki, artıq Köçəryan köhnə fiqur kimi gənclər arasında qəbul olunmur.
“Mənim nəslim onun dövründə nələrin baş verdiyini görüb. Köçəryanın hətta İrəvanda şəxsi evi yox idi. Amma hakimiyyəti təhvil verəndə dollar milyonçusuydu. Ermənistanın var-dövlətini Rusiyaya verdi, indi isə iddia edir ki, onun dövründə sakitlik olub. Halbuki tamamilə rus ordusuna arxalanmışdı, ümidi ona idi, indi də Qarabağ ermənilərinin emosiyaları üzərindən oyun oynayır”.
Siyasətçi hakimiyyətə qayıtmaq iddiasında olan Köçəryanın Ermənistanı yenidən Rusiyanın quberniyasına çevirmək istədiyini bildirib:
“Rusiya üçün xalqın nə istədiyi maraqlı deyil. İstəsəniz də, istəməsəniz də Köçəryan da, Karapetyan da belədir. Onlar məhz belə Ermənistan istəyirlər. Köçəryan xalqımızı alçaldıb, xalqın səsini 5000 dram müqabilində alıb”.
Aram Sərkisyan vurğulayıb ki, 2022-ci ildə xalq Robert Köçəryana “yox” deyərək müstəqilliyi (Baş nazir Nikol Paşinyan və komandasını) seçib.