BAKI, 13 fevral. TELEQRAF
Nikol Paşinyan hakimiyyəti “Güclü Ermənistan” adlı partiya təsis edən və baş nazirliyə namizəd olacağı açıqlanan erməniəsili rusiyalı iş adamı Samvel Karapetyan və komandasını sıradan çıxarmaq üçün hərəkətə keçib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazıb ki, Karapetyanın partiyası seçkiöncəsi dövrdə fəal iş aparır, bütün bölgələrdə ofislər açır, görüşlər keçirir, komanda formalaşdırır və aktiv siyasi fəaliyyət göstərir, bu isə hakimiyyəti ciddi şəkildə narahat edir:
“Güclü Ermənistan”a qarşı aqressiv əks-təbliğat aparılmaqla yanaşı, hakimiyyətin cəza mexanizmi də işə salınıb.
Əldə etdiyimiz məlumata görə, hakimiyyətin müxtəlif strukturları Karapetyanın komandasına ofis və ya məkan kirayə verən, onlarla əməkdaşlıq edən bütün mülkiyyət sahiblərini axtarıb tapır və təzyiq göstərərək, onları yeni siyasi qüvvə ilə əməkdaşlıqdan imtinaya məcbur etməyə çalışır.
Hətta qorxu mühiti yaradaraq müxalif hərəkatı dəstəkləməkdən çəkindirmək məqsədilə daşınmaz əmlak və ofislərin mülkiyyətinin qanuniliyini yoxlamağa başlayıblar”.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib. İş adamına qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.