BAKI, 5 yanvar. TELEQRAF

“Ümid edirik ki, Venesuela ilə bağlı proseslər Karakasın Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanıma qərarını geri götürməsinə töhfə verəcək”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili deyib.

Siyasətçi xatırladıb ki, ABŞ-nin müdaxiləsi ilə devrilən Prezident Nikolas Maduro və ondan əvvəlki Venesuela hökuməti Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiyadakı işğalını tanıyıb:

“Dəfələrlə bəyan etmişik ki, tanımama siyasəti dəyişməz qalacaq. Ərazilərimizin müstəqilliyini tanımış bütün ölkələrlə bağlı mövqeyimiz olub, həmişə də olacaq, tanınma qərarını geri götürməlidirlər. Daim bu mövqedə qalacağıq. Təəssüf ki, Venesuela da bu əraziləri tanımış ölkələrdən biridir. Ümid edirik ki, baş verən proseslər bu siyasətə töhfə verəcək və həmin ölkə də Gürcüstan ərazilərinin - Abxaziya və Sxinvalinin (Cənubi Osetiya) müstəqilliyini tanıma qərarını geri götürəcək”.