BAKI, 27 noyabr. TELEQRAF

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın ölkədən çıxışı qadağan edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təxminən bir ay əvvəl hüquq-mühafizə orqanları Qaqik Sarukyanın ölkədən çıxışına qadağa qoyublar. Qadağa 2018-19-cu illərdə ona qarşı açılmış cinayət işi ilə bağlıdır.

Nəşr iddia edir ki, bu, Sarukyanın Rusiyaya getməsinin qarşısını almaq və seçkiqabağı prosesləri ləngitmək məqsədi daşıyır:

“Bu, hakimiyyətin Sarukyana qarşı “münasibətinin” yeganə təzahürü deyil. Oğluna irəli sürülmüş ittihamla bağlı hazırda istintaq aparılır. Həmin işdə digər bütün şəxslər barəsində alternativ qətimkan tədbirləri seçildiyi halda, Sarukyanın oğlu haqqında çıxarılmış həbs və axtarış qərarı hələ də qüvvədə saxlanılır”.

Bununla yanaşı, Vergilər Komitəsi Qaqik Sarukyana məxsus bir sıra obyektlərdə yoxlamalara başlayıb.