BAKI, 24 noyabr. TELEQRAF

“Ermənistan Silahlı Qüvvələrin əsas missiyası döyüş deyil, müdafiədir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

“Silahlı Qüvvələrin əsas missiyası müdafiə qabiliyyətini artırmaqdır, döyüş növbətçiliyi deyil. İllər ərzində döyüş növbətçiliyinə fokuslanmışdıq, bu da vacibdir, amma əsas hissənin növbətçiliklə məşğul olmaq əvəzinə döyüş hazırlığı ilə məşğul olması və öz bacarıqlarını artırması da önəmlidir” -, o bildirib.

Nazirin sözlərinə görə, təlim toplanışlarının məqsədi budur ki, ehtiyat qüvvə lazım olduqda toplansın, problemi qiymətləndirə bilsin və ordunun vacib bir hissəsinə çevrilsin:

“Reallıqdan qaçmamalıyıq və xatırlamalıyıq ki, 44 günlük müharibə zamanı əsas problemlərdən biri ehtiyat qüvvəsinin düzgün toplanmaması, döyüş qabiliyyətinin yetərli olmaması və digər məsələlər idi”.

Papikyan qeyd edib ki, bir ölkə üçün müharibə zamanı əsas dayağı əsgərlər deyil, ehtiyat qüvvəsidir.

Müdafiə naziri əlavə edib ki, 2025-ci il üçün 16 min ehtiyat qüvvə olub, 2026-cı il üçün isə bu rəqəm 20 mindir: “Yəni, təlimlərə 20 min ehtiyatda olan hərbçi cəlb edilməlidir”.