BAKI, 28 oktyabr. TELEQRAF

“Səkkiz ay ərzində söz və tariflər vasitəsilə səkkiz müharibəni sona çatdırmışam”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus “Corc Vaşinqton” nüvə aviadaşıyıcısında çıxış edərkən deyib.

Gəmi Tokionun qonşu prefekturası Kanaqavadakı Yokosuka hərbi bazasında yerləşir.

Amerika lideri bitirdiyini iddia etdiyi müharibələr arasında Ermənistan-Azərbaycan münaqişəsinin də olduğunu söyləyib.

“Səkkiz ay ərzində səkkiz müharibəyə son qoydum. Heç bir məlum prezident bu qədər müharibəni sona çatdırmayıb, çoxları isə müharibəyə başlayır. Bura Kosovo-Serbiya, Konqo-Ruanda, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Ermənistan-Azərbaycan daxildir. Son olaraq, bu ay Qəzza və Yaxın Şərqdəki müharibəyə son qoyduq”, - Amerika lideri vurğulayıb.

Donald Tramp qeyd edib ki, Malayziyada Kamboca ilə Tailand arasında da razılaşma imzalanıb: “Milyonlarla həyatı xilas etdik, əsasən sözlə hərəkət etdik”.

ABŞ Prezidenti əlavə edib ki, hərbi güc tətbiq edilməyib, tariflər və ticarət müharibələrin sona çatdırılmasında əsas alət kimi istifadə olunub.