BAKI, 27 oktyabr. TELEQRAF

“Zəngəzur dəhlizi Orta Dəhlizin potensialının artırılmasında əsas amil olacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlunun sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından tam istifadə olunması tədbirləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni marşrutun açılması istiqamətində də zəruri addımlar atılır.

Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Qarsdan Naxçıvan sərhədinə qədər uzunluğu 224 kilometr olan yeni dəmir yolunun tikintisinə artıq başlanılıb.

“BTQ xəttindən fərqli olaraq, yeni Qars–Dilucu dəmir yolu ikixətli olacaq və bu da yükdaşıma həcmini əhəmiyyətli dərəcədə artıracaq”, - Uraloğlu əlavə edib.