BAKI, 18 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını “dönüş nöqtəsi” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

Ermənistanın baş naziri bəyan edib ki, ABŞ-də imzalanan sənədlər nəticəsində iki ölkə arasında sülh yaranıb:

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub. Bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolu əvəzsizdir.

Avqustun 8-dən sonra biz tamamilə fərqli, tamamilə yeni Cənubi Qafqazda, tamamilə yeni və fərqli Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, bizim üçün qeyri-adi hisdir, çünki müstəqilliyimizin ilk günündən münaqişə, müharibə şəraitində, sülhsüz bir mühitdə yaşamışıq”.

Ermənistan rəhbəri qeyd edib ki, xalq sıfırdan dinc yaşamağın nə demək olduğunu, sülhün nə olduğunu öyrənməlidir.

“Bu, qisas və düşmənçiliyin rədd edilməli olduğu tamamilə yeni reallıqdır”, - Paşinyan əlavə edib.