BAKI, 11 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən görüşün nəticələri barədə ətraflı məlumat verib.

Ermənistanın baş naziri qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinin yaradılmasına imkan yaradır.

Ermənistan-Türkiyə ikitərəfli gündəliyinə dair məsələlər, xüsusən də əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə edilib. Baş nazir bildirib ki, bu sazişlərin həyata keçirilməsi üçün atmosfer həmişəkindən daha əlverişlidir.

Həmsöhbətlər fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.