BAKI, 3 iyul. TELEQRAF

Deputat Ovik Ağazaryanın çıxışından sonra Ermənistan parlamentində gərginlik yaranıb.

Teleqraf xəbər verir ki, o, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi ilə bağlı layihədən danışaraq, bunu İrəvanın “anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq cəhdi” adlandırıb.

Ağazaryan Rusiya tərəfini Ermənistan hökumətinin təxribatlarına boyun əyməməyə çağırıb. Bundan sonra parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri “Ayıb olsun, ayıb olsun” deyə qışqırmağa başlayıblar.

Vitse-spiker Akop Arşakyan vəziyyəti sakitləşdirməyə çalışıb və Ağazaryana sərt reaksiya verən hakim fraksiyasının üzvü Arman Yeqoyana irad bildirib.

Yeqoyan Ağazaryanı Rusiyanın maraqlarına xidmətdə və Ermənistanda Moskvanın təbliğatını aparmaqda ittiham edib və çıxışını biabırçılıq, ölkəyə qarşı cinayət əməli kimi qiymətləndirib: “Ən alçaq işi cənab Ağazaryana veriblər”.

Həmin vaxt Tiqran Parsilyan da onu danlayıb. Bununla belə, Ovik Ağazaryan hakim partiyanın üzvlərinə tərəf butulka atıb, ardınca Parsilyanı hesablaşmaq üçün çölə dəvət edib. Amma deputatlar müdaxilə edərək, məsələnin davaya çevrilməsinin qarşısını alıblar.

Akop Arşakyan Ağazaryanı zaldan çıxarıb və qeyd edib ki, ona sanksiya olaraq bu gün sessiyada iştirak etməyi qadağan edir.