BAKI, 30 iyun. TELEQRAF

Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan Rusiya xarici işlər naziri Sergey Lavrovun “İrəvanın kilsəyə qarşı hücumları” ilə bağlı bəyanatına reaksiya verib.

Teleqraf xəbər verir ki, o, Rusiyanın baş diplomatının bəyanatının ölkəsinin daxili işlərinə müdaxilə olduğunu bildirib.

“Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda kilsəyə hücumlar ciddi narahatlıq doğurur.

Birincisi, Ermənistanda baş verən proseslər Ermənistanın daxili işidir. İkincisi, Rusiya XİN rəhbərinin şərhi Ermənistanın daxili siyasi həyatına birbaşa müdaxilə cəhdidir. Üçüncüsü, cənab Lavrovun ifadələri Ermənistanı terrorizmə çağıran dairələrin lüğəti ilə eynidir. Ümid edək ki, bu, Ermənistanda terrorizmi təşviq etmək cəhdi deyil, sadəcə mövzunun düzgün başa düşülməməsinin nəticəsidir”, - Koncoryan vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl erməni din adamları Baqrat Qalstanyan və Mikayel Ajapaxyan terror aktları törətmək və dövlət çevrilişinə cəhd ittihamları ilə həbs olunub. Rusiya xarici işlər naziri KTMT-nin bu gün Qırğızıstanda keçirilən iclasından sonra onların həbsinə etiraz edib.