BAKI, 22 may. TELEQRAF

“Ermənistanın bəzi vətəndaşları hərbi xidmətdən yayınmaq üçün saxta yollarla ali təhsil almağa yönəlirlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi ölkə vətəndaşlarının saxta yollarla ordudan yayınmalarının qarşısını almağa çalışır.

“Məcburi hərbi xidmət yaşının 27-dən 37-yə qaldırılmasını buna görə təklif edirəm. Bu, ona görədir ki, 27 yaşına çatdıqdan sonra təhsil müəssisələri vasitəsilə hərbi xidmətdən azad olunan saxta alimlərimiz olmasın. Bu imtiyazdan ancaq həqiqi alimlər yararlanmalıdır”, - S.Papikyan vurğulayıb.

Həmçinin o əlavə edib: “Bir çox valideynlər orduda xidmət etməmələri üçün övladlarını Ermənistan vətəndaşlığından məhrum edirlər. Söhbət minlərlə nəfərdən gedir, amma milli təhlükəsizlik baxımından konkret rəqəmləri açıqlamayacağam”.