BAKI, 15 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın hökumətlərini talançılıqda ittiham edib.

Teleqraf xəbər verir ki, o, dövlətin talanmış əmlak və pullarının geri qaytarılacağını bildirib.

Paşinyan hakimiyyətə gələrkən talançılıqla məşğul olanların cəzalandırılacağına söz verdiyini xatırladıb:

“Etiraf etməliyəm ki, oğurlanan hər şeyin qaytarılması və cinayətkarların cəzalandırılması kimi gündəmi unutmaq bizə ünvanlanan ən çox ittiham və tənqiddir. Bəli, mən bu sözü vermişdim”.

Baş nazir dövlətin oğurlanmış pul və əmlaklarının geri qaytarılması, cinayətkarların cəzalandırılması ilə məşğul olduqlarını qeyd edib.

“Bu məsələnin hüquqi, siyasi və mənəvi tərəfləri ilə yanaşı, əməli tərəfləri də var. Məsələ ondadır ki, oğurlanmış mallar konkret ünvanda saxlanmır ki, orada gedib maşınlara yükləyib qaytarasan. Bunlar müxtəlif yerlərdə, fərqli üsullarla saxlanılır. Gah Ermənistanda, gah xaricdə, gah tanıdığımız, gah da tanımadığımız adamların adına olur”.

Nikol Paşinyan növbəti dəfə belə oğurluqlarda əlləri olanların cəzalandırılacağına, mənimsədiklərinin geri alınacağına söz verib.