BAKI, 18 sentyabr. TELEQRAF

Sofiyada Ermənistan Televiziya-Radio Komissiyasının sədri Tiqran Akopyan ilə Türkiyənin Radio-Televiziya Ali Şurasının (RTÜK) sədr müavini Deniz Gülərin görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan komissiyası məlumat yayıb.

Görüşdə tərəflər yayım sahəsində mövcud inkişafları və aktual çağırışları, həmçinin tənzimləyici qurumların fəaliyyətinə aid bir sıra məsələləri müzakirə ediblər.

Ermənistan və Türkiyənin tənzimləyici qurumları arasında əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsi imkanlarına, təcrübə və peşəkar biliklərin mübadiləsinə, sahə üzrə dialoqun fəallaşdırılmasına və qarşılıqlı maraq doğuran təşəbbüslər çərçivəsində əməkdaşlığa toxunulub. Həmçinin beynəlxalq və regional platformalarda əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu cür görüşlərin davamlı keçirilməsini vacib hesab edib, yayım sahəsinin səmərəli tənzimlənməsi və yeni çağırışlara birgə cavab baxımından dialoqun əhəmiyyətini qeyd ediblər.

Mümkün əməkdaşlıq memorandumunun imzalanması məsələsi müzakirə olunub. Sənədin layihəsi artıq hazırlanma mərhələsindədir.