BAKI, 22 sentyabr. TELEQRAF
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əraziyə baxış zamanı ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində evə ziyan dəyib, iki nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.