BAKI, 18 sentyabr. TELEQRAF

“Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının Ermənistan üçün heç bir həyati əhəmiyyəti yoxdur”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Harutyun Mkrtçyan deyib.

“Qoca (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur - red.) getdikcə dözülməz olur, baltanı əlinə götürüb irəli şığımağa çalışır. Hərbi baza sərxoş rus əsgərlərindən başqa nə verib ki? Hər şeyi yeyib-dağıdırlar, permyakovlar yetişdirirlər. Rusiya Ermənistan üzərində qumar oynayıb, indi də bir balon qazla xalqımızı qorxutmaq istəyir. Zaxarova da dilini qarnına qoysa yaxşıdır - küpəgirən qarı... Kirill ilə Qaregin də eyni adamdır”, - o bildirib.

Mkrtçyan Rusiya hakimiyyətinə belə bir sual da ünvanlayıb: “Ərik yolunu bağlamısınız ki, üsyan olsun, Samvel pikapda əlində siqar insanlara rəhbərlik etsin?”.

Samvel Karapetyanın “Rusiya hərbi bazası Ermənistandan çıxarılsa, sahibsiz qalacağıq” fikrinə münasibət bildirən ekspert qeyd edib: “Müxalifət həmişə ağa axtarır, həmişə kiminsə cibində olub. Kimə harada yer ayrılmasından asılıdır”.

Harutyun Mkrtçyan əlavə edib ki, Robert Köçəryan Ermənistanın bütün sərvətini Vladimir Putinin ayaqları altına sərib, Serj Sərkisyan isə diktatura yaradıb.