TBİLİSİ, 14 aprel. TELEQRAF

Moskva Tbilisi ilə diplomatik əlaqələri bərpa etməyə hazırdır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

XİN rəsmisi Rusiyanın Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırlığını ifadə edərək bunun üçün çoxlu imkanların olduğunu deyib.

Onun sözlərinə görə, Rusiya Gürcüstan hakimiyyətinin diplomatik münasibətlərin bərpasını Moskvanın Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi ilə əlaqələndirməkdə davam etməsindən təəssüflənir.

“Biz dəfələrlə bəyan etmişik və mən bunu təkrar etməyə hazıram ki, Rusiya Federasiyasının 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın suverenliyi və müstəqilliyini tanıması ilə bağlı qərarına yenidən baxılmayacaq”, - M.Qaluzin söyləyib.

Nazir müavini, həmçinin Rusiya və Abxaziya arasında müntəzəm uçuşların tezliklə başlayacağına ümidvarlıq ifadə edib.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci ilin iyulun 1-də qurulub. 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edib iki bölgənin müstəqilliyini tanıyandan sonra Tbilisi Moskva ilə diplomatik əlaqələri həmin ilin sentyabrın 2-də dayandırıb.