BAKI, 13 noyabr. TELEQRAF

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.

Teleqraf xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını bildirib.

Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini dedi və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulanıb. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd edilib.

Görüşdə ölkələrimiz arasında bağlantılar, şəhərlərarası və elm-təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, müdafiə sənayesi sahəsində əlaqələrin perspektivləri qeyd edilib.

Son dövrlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyəti vurğulanıb.

Rumıniya Prezidenti əlaqələrimizin humanitar-mədəni aspektinin vacib hissəsi kimi paytaxt Buxarestdə Heydər Əliyev parkının mövcudluğunu qeyd edib və hazırda parkda təmir işlərinin uğurla aparıldığını bildirib.