BAKI, 22 aprel. TELEQRAF
Avropa Komissiyası (AK) bu qurumun prezidenti Ursula fon der Leyenin Türkiyə ilə bağlı mübahisəli fikirlərini əsaslandırmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Fon der Leyen bundan əvvəl Avropa İttifaqının (Aİ) genişlənməsindən danışarkən bildirib ki, bu proses qitənin Rusiya, Türkiyə və Çinin təsiri altına düşməməsi üçün bütün Avropanı əhatə etməlidir.
Adı çəkilməyən mənbəyə görə, Türkiyə bundan sonra Avropa Komissiyasına fon der Leyenin açıqlamasının dəqiqliyini aydınlaşdırmaq üçün sorğu təqdim edib. Avropa Komissiyası bu sözlərin kontekstdən çıxarıldığını bildirib.
Avropa Komissiyasının sözçüsü Paula Pino “Bloomberg”ə deyib ki, Türkiyənin adının hallandırılması onun (xüsusən də Qərbi Balkandakı) geosiyasi təsirinin, ölçüsünün və ambisiyalarının etirafıdır və heç bir başqa ölkə ilə müqayisə demək deyil.
Agentlik qeyd edib ki, bu səhv xüsusilə uyğun olmayan vaxtda baş verir, çünki Aİ İrandakı müharibə ilə bağlı qlobal qeyri-sabitlik fonunda müttəfiqlik əlaqələrini gücləndirməyə çalışır.
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyasının prezidentinin açıqlamasını rədd edib.