BAKI, 22 aprel. TELEQRAF

"Azərbaycan hər gün sülhə doğru addımlar atır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “biz sülh şəraitində yaşamağı öyrənirik”. Lakin, görürük ki, bu vəziyyət bəzi dairələri narahat edir. Onlar Azərbaycan və Ermənistan arasında yaranmış hazırkı vəziyyətlə barışa bilmirlər. Cənubi Qafqazda yaranmış yeni şəraiti, Azərbaycanın yaratdığı reallığı qəbul edə bilmirlər".

Bu sözləri Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, aprelin 16-da Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən Azərbaycana qarşı qəbul edilmiş “sənəd”lərin heç bir hüquqi əsası yoxdur:

“Qətnamə” reallığı, tarixi faktları və Azərbaycanın suverenliyini görməzdən gəlir, illərdir regiondakı hadisələrin təhrif olunmuş mənzərəsini Avropaya sırımağa çalışan erməni lobbisinin maraqlarına xidmət edir. Avropa ölkələrinin parlamentləri bu cür qərarlar qəbul edərkən nə düşünürlər? Məgər onlar başa düşmürlərmi ki, bu, suveren dövlətin daxili işlərinə kobud müdaxilə kimi təsnif edilə bilər? Onları bu cür şübhəli təşəbbüslərə razı salmağa vadar edən nədir - mövzudan xəbərsizlik, yoxsa erməni lobbisinin təsiri? Əlbəttə, bu qətnamənin əsas hərəkətverici qüvvəsi - erməni lobbisi və diasporudur. Həmin sənəd, müəyyən təsir qruplarının maraqlarına xidmət etmək üçün hazırlanmış siyasi addımdır və korrupsiyanın məhsuludur”.

Komitə sədri hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsi bu “qərarlar”la ziddiyyət təşkil edir:
“2025-ci ilin avqust ayında Vaşinqtonda birgə bəyannamənin imzalanmasından və “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasından sonra tərəflər praktiki normallaşma mərhələsindədirlər. Münaqişənin ağır və çətin mirasına baxmayaraq, hər iki ölkə mübahisəli məsələləri tədricən həll etmək istəyini nümayiş etdirir. Bunun fonunda Avropa parlamentarilərinin münaqişə gündəliyini canlandırmaq cəhdləri sülh prosesinə qarşı təxribatdır. Onlar rəsmi Ermənistanın hazırkı mövqeyini nəzərə almırlar. Yaxşı olardı ki, Avropa ölkələri daha çox öz əhalisinə birbaşa təsir edən daha təcili daxili problemlərin həlli haqqında düşünsünlər.

Hicran Hüseynova vurğulayıb ki, bəzi Avropa parlamentləri bir faktı unudur:
“Cənubi Qafqazda sülh onların ofislərində qurulmur. Bu, Bakı ilə Yerevan arasında birbaşa dialoq, mürəkkəb danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə qurulur. Alternativ gündəm tətbiq etmək üçün hər hansı bir xarici cəhd bu prosesi maneə yaratsa da, onu dayandırmaq iqtidarında deyil. Çünki, Azərbaycan həqiqəti müdafiə etməyə davam edir. Bu sözlə deyil-faktlarla, yalanla, saxtakarlıqla deyil, sübut və rəqəmlərlə; lobbiçiliklə deyil, beynəlxalq hüquqla, ədalətlə, ləyaqətlə baş verir. Biz qışqırmırıq, tikirik, dünyaya məzarları, dağıdılmış məscidləri, yandırılmış kəndləri və nəhayət, tarixi torpaqlarına, doğma evinə qayıdan insanları göstəririk. Və artıq dəfələrlə bu fikir öz təsdiqini tapıb: Azərbaycan dövlətinin və xalqının iradəsinə heç bir qüvvə təsir göstərə bilməz”.