TBİLİSİ, 14 mart. TELEQRAF

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçmə işi üzrə hökmün oxunması martın 17-dək təxirə salınıb.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi açıqlayıb.

Hökmün bu gün elan ediləcəyi gözlənilsə də, M.Saakaşvili distant qaydada məhkəmədə iştirakdan imtina edib və son sözlə çıxış etmək hüququndan istifadə edə bilməyib.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da gizli yolla Gürcüstana qayıdıb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb.

Qeyd edək ki, məhkəmənin martın 12-də açıqladığı qərarla sabiq dövlət başçısı 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə 9 il müddətinə həbs olunub.

M.Saakaşvili ilə bağlı daha iki cinayət işi məhkəmə icraatındadır. İşlər 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin amansızlıqla dağıdılması və “İmedi” telekanalının qanunsuz mənimsənilməsi ilə bağlıdır.