TBİLİSİ, 13 mart. TELEQRAF

“Biz hazırda iqtisadi imkanlarımızı inkişaf etdirməyə, potensialımızı maksimum dərəcədə artırmağa xüsusi diqqət yetiririk və xarici səfərlərimiz bu məqsədə xidmət edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalında yayımlanan “İmedi Live” proqramında deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf tempinin daha da artırılması üçün fəal işlər aparılır.

“Bunun üçün beynəlxalq əlaqələri gücləndirmək və inkişaf etdirmək də çox vacibdir. Bu məqsədlə bizim qonşu ölkələrə çox maraqlı səfərlərimiz oldu. Şəxsən mənim hər üç qonşu ölkəyə - Azərbaycana, Ermənistana və Türkiyəyə maraqlı səfərlərim olub və aparılmış müzakirələr zamanı iqtisadi məsələlərə xüsusi diqqət yetirilib”, - Baş nazir söyləyib.

İ.Kobaxidze Mərkəzi Asiya ölkələrinə səfərlərinin əhəmiyyətindən də söz açıb:

“Orta Dəhliz çərçivəsində potensialımızı maksimum dərəcədə artırmaq bizim üçün strateji əhəmiyyət kəsb edir. Biz ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yolları, Mərkəzi Asiya ölkələri və qonşu dövlətlərin bizim tranzit potensialımızdan necə daha fəal istifadə etmələri ilə bağlı çox maraqlı müzakirələr apardıq. Bizim konkret nəzərəçarpacaq nəticələrimiz olacaq”.

Xatırladaq ki, İ.Kobaxidzenin Azərbaycana sonuncu səfəri bu ilin yanvarın 17-də baş tutub. Onun başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edib.