BAKI, 22 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.