BAKI, 22 aprel. TELEQRAF
Qazaxıstanda işgüzar səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tacikistanlı həmkarı Emoməli Rəhmonla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin sabit və müsbət dinamika ilə inkişaf etdiyini məmnunluqla vurğulayıblar. Eyni zamanda, mövcud potensialın tam reallaşdırılmadığı və birgə təşəbbüslərin genişləndirilməsi üçün ardıcıl addımların atılmasının vacibliyi qeyd olunub.
Söhbət zamanı regional hadisələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, 2025-ci ilin avqustun 8-dən sonra Cənubi Qafqazda keyfiyyətcə yeni vəziyyət yaranıb. Bu kontekstdə vurğulanıb ki, mövcud reallıqlar region və qonşu ölkələr üçün əməkdaşlığı daha proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı əsaslarla qurmaq üçün yeni imkanlar açır.
Görüşdə sülhün, sabitliyin və kommunikasiyaların inkişafının iqtisadi fəallıq üçün əsas şərt olduğu xüsusi qeyd edilib.
Tərəflər, həmçinin beynəlxalq və regional platformalarda, eləcə də çoxtərəfli formatlarda fəaliyyətin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda dövlət başçıları ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmağa hazır olduqlarını bir daha təsdiq ediblər.