BAKI, 22 aprel. TELEQRAF

İtaliya Baş naziri Corciya Meloni canlı yayımda onu təhqir edən rusiyalı teleaparıcı və Kremlin təbliğatçısı Vladimir Solovyova cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Rejimin fəal təbliğatçısı bizə heç nədən dərs verə bilməz. Bu karikaturalar bizi yolumuzdan döndərə bilməyəcəklər. Biz digərlərindən fərqli olaraq, heç bir ipdən asılı deyilik, heç bir ağamız yoxdur və heç kimdən göstəriş almırıq. Bizim kompasımız təkdir - İtaliyanın maraqlarını göstərir. Biz onu qürurla izləməyə davam edəcəyik - dünyanın hər yerindəki təbliğatçılara rəğmən”, - Meloni vurğulayıb.

İtaliyanın müxalifət partiyaları da rusiyalı teleaparıcını şərhlərini pisləyiblər.

Vladimir Solovyov bundan əvvəl canlı yayımda italyan dilində Corciya Melonini “faşist, sertifikatlı axmaq, əxlaqsız qadın” adlandırmışdı.

Rusiyanın Romadakı səfiri bundan sonra İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.