BAKI, 22 aprel. TELEQRAF
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyinə həsr olunmuş, 22 aprel – Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, Aksiya “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında baş tutub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuş aksiyada “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları və ekokönüllülər iştirak ediblər. Ağacəkmə aksiyasında Müşfiqabad qəsəbəsində meşə massivi ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın məqsədi ekoloji problemlərə diqqətin artırılması, yaşıllıqların genişləndirilməsi, ətraf mühitin qorunmasına çağırış edilməsi və gənc nəslin bu istiqamətdə maarifləndirilməsidir.