TBİLİSİ, 6 mart. TELEQRAF

Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon iqamətgahı Bakıda olmaqla Gürcüstanda da səfir vəzifəsini yerinə yetirəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tacikistanın yeni təyin olunmuş səfirini qəbul edib.

XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Gürcüstan və Tacikistan rasında əməkdaşlığın prioritet istiqamətləri, o cümlədən ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı elm, təhsil, mədəniyyət və idman sahələrində ikitərəfli əlaqələrin inkişafına da toxunulub. Tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də iki ölkənin XİN-ləri arasında mövcud məsləhətləşmə formatlarını müzakirə ediblər.

Qeyd edək ki, İlxom Abduraxmon 2023-cü ilin avqustundan Tacikistanın Azərbaycandakı səfiri vəzifəsində çalışır.