
TBİLİSİ, 6 mart. TELEQRAF
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladmir Putin və Abxaziyadakı işğalçı rejimin lideri Badra Qunba arasında keçirilən görüşü qınayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə XİN-nin Gürcüstan və Rusiya arasında 4-5 mart tarixində baş tutmuş Cenevrə danışıqlarının 63-cü mərhələsi ilə bağlı yaydığı bəyanatında bildirilib.
Rəsmi Tbilisi Putin-Qunba görüşünü Gürcüstan ərazilərinin ilhaqı istiqamətində növbəti addım və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.
Bəyanatda qeyd olunub ki, Gürcüstan tərəfi danışıqlar zamanı Abxaziyada keçirilmiş "prezident seçkiləri", Rusiyanın Oçamçire şəhərində qeyri-qanuni hərbi-dəniz bazası yaratmasından və Suxumi hava limanının istifadəyə verilməsindən narahatlığını ifadə edib.
Qeyd edək ki, V.Putin və B.Qunba arasında görüş ötən gün Kremldə baş tutub.
Xatırladaq ki, Gürcüstan və Rusiya arasında beynəlxalq Cenevrə danışıqları BMT, ATƏT və Aİ-nin vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından aparılır. Bu danışıqlar Gürcüstan və Rusiya arasında gücün tətbiq edilməməsi üzrə öhdəliklər, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması və məcburi köçkünlərin evlərinə dönməsi ilə bağlı məsələlərin müzakirə olunduğu yeganə formatdır.