
TBİLİSİ, 5 mart. TELEQRAF
Daşkənddə Gürcüstan və Özbəkistanın xarici işlər nazirləri — Maka Boçorişvili və Baxtiyor Saidov arasında görüş keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.
Tərəflər Gürcüstan və Özbəkistan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinə xüsusi diqqət yetiriblər, Orta Dəhlizin inkişafı istiqamətində iki ölkə arasında fəal əməkdaşlığın davam etdiyini vurğulayıblar.
XİN başçıları Gürcüstan-Özbəkistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşdə həmçinin mədəni-humanitar, təhsil, elm və idman sahələrində əməkdaşlığın intensivləşdirilməsi imkanlarının da müzakirəsi aparılıb.
Nazirlər regionda təhlükəsizlik problemlərini də nəzərdən keçiriblər və sülhün təşviq edilməsinin vacibliyini vurğulayıblar.