
TBİLİSİ, 5 mart. TELEQRAF
Gürcüstanda Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından 29 il ötür.
Teleqraf-ın Gürcüstan bürosu xatırladır ki, qonşu ölkədə diplomatik nümayəndəliyimiz 1996-cı ilin martın 5-də rəsmi qeydiyyata alınıb.
1996-cı ilin mart ayı Azərbayan-Gürcüstan münasibətləri tarixində çox mühüm yer tutur. Belə ki, 8-10 mart tarixində o zamankı prezident, xalqımızın ümummilli lideri Heydər Əliyev gürcü həmkarı Eduard Şevardnadzenin dəvəti ilə Gürcüstana ilk rəsmi səfər edib.
Tarixi əhəmiyyət kəsb etmiş səfər çərçivəsində iki ölkə arasında gələcək ikitərəfli əməkdaşlıq üçün hüquqi bazanı formalaşdıran vacib sənədlər imzalanıb.
1996-2004-cü illərdə Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev olub.
Gürcüstanın Azərbaycandakı səfirliyi isə 1995-ci ilin fevralında fəaliyyətə başlayıb. 1995-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsini Giorgi Çanturiya (1957-2018) tutub.
Hazırda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev (2020-ci ildən), Gürcüstanın Azərbaycandakı səfiri isə Zurab Pataradzedir (2018-ci ildən).
Qeyd edək ki, Bakı və Tbilisidə səfirliklərə yanaşı, Gəncə şəhərində Gürcüstanın, Batumi şəhərində isə Azərbaycanın baş konsulluqları fəaliyyət göstərirlər.