
TBİLİSİ, 5 mart. TELEQRAF
Gürcüstanın İctimai İşlər İnstitutunda (GIPA) jurnalistika və media əlaqələri üzrə magistr proqramı dayandırılıb.
Teleqraf-ın Gürcüstan bürosunun məlumatına əsasən, ABŞ tərəfi bundan sonra təqaüd proqramına maliyyə ayırmayacaq.
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində təhsil alan Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları olan tələbələrin təhsilləri yarımçıq qalıb. Onlara öz hesablarına proqramı başa vurmaları təklif edilsə də, tələbələr bunun mümkün olmadığını bildiriblər.
Qeyd edək ki, proqramın ləğvi USAID-nin Gürcüstandakı fəaliyyətinə son qoyulması ilə də əlaqələndirilir. Belə ki, bu təşkilat təqaüd proqramının əsas donorlarından biri olub.
Xatırladaq ki, GIPA-da regional təqaüd proqramına qəbul 2002-ci ildən həyata keçirilirdi. Hər il Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak etmək üçün seçilirdi. Azərbaycanda GIPA jurnalistika üzrə magistr proqramına son tələbə qəbulu ötən ilin aprelində elan edilib.