TBİLİSİ, 5 mart. TELEQRAF

“Yol əhvalatı” komediya filmində Mustafa rolunda çəkilmiş Vaxtanq Pançulidze nəzarətçi kimi çalışdığı Tbilisinin Müştəhid bağındakı işindən azad edilib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə keçmiş aktyor sosial şəbəkə hesablarında yazıb.

O, işdən qovulmasını siyasi səbəblərlə əlaqələndirib:

“Martın 3-dən rəhbərlik məni işdən azad etdi. Onlar bunu ixtisarla əlaqəli olduğunu bildirdilər. Mən 10 il idi Müştəhid bağında çalışırdım. Əməkhaqqım 400 lari (243 AZN-red) idi. Dolana bilmədiyim bu kiçik məbləği də əlimdən aldılar”, - V.Pançulidze yazıb.

Keçmiş aktyor çıxılmaz vəziyyətdə olduğunu qeyd edib və ictimaiyyətdən kömək istəyib. O, bank hesabı nömrəsini paylaşaraq vətəndaşlardan bir lari olsa belə köçürmələrini xahiş edib:

“Xahişimi anlamağınızı xahiş edirəm. Başqa yolum yoxdur, çox çətin vəziyyətdəyəm”.

Qeyd edək ki, 69 yaşlı V.Pançulidze sovet dövründə Gürcüstanda kino ulduzu olub. O, 20 gürcü filmində baş rolda çəkilib. 1990-cı illərin əvvəllərindən filmlərə dəvət almayıb. İşsiz qaldıqdan sonra 1998-ci ildə Yunanıstana köçüb və 2004-cü ilədək bu ölkədə çalışıb.
Keçmiş aktyor ötən ilin noyabrından Tbilisidə hökumət əleyhinə keçirilən aksiyalarda iştirak edir.