TBİLİSİ, 4 mart. TELEQRAF

“Ukrayna hakimiyyəti qeyri-ciddiliyin bütün sərhədlərini aşıb”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Tbilisi meri Kaxa Kaladzenin “Ukraynanın beynəlxalq dərəcəli idman ustası” fəxri adından məhrum olunmasını şərh edərkən söyləyib.

O bildirib ki, Ukrayna Gürcüstana ikinci cəbhə açmaqla bağlı birbaşa çağırışlar edib.

“Ukrayna Gürcüstandakı səfirini iki səbəbə - Rusiyaya sanksiyalar tətbiq etmədiyimizə və Ukraynaya könüllü hərbçiləri göndərmədiyimizə görə geri çağırdı. Bütün bunların fonunda bu qərar qeyri-ciddidir və ciddi şərhə layiq deyil”, - İ. Kobaxidze deyib.
Hökumət başçısı Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiya siyahılarını genişləndirməsi məsələsinə də münasibət açıqlayıb. O qeyd edib ki, Gürcüstan Latviya, Litva və Estoniya ilə birtərəfli dostluq rejimində qalır.