TBİLİSİ, 4 mart. TELEQRAF

Gürcüstanın Satsixuri kəndində yerləşən məscid yanğın zamanı faktiki olaraq məhv olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyindən bildirilib.

Qeyd olunub ki, yanğının səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Agentlik növbəti tədbirlərin planlaşdırılması üçün Acarıstan Muxtar Respublikasının müvafiq qurumları ilə əlaqə saxlayıb.

Qurumun məlumatına əsasən, Satsixuri məscidi XIX əsrin I yarısına aid Gürcüstan məscidlərinin ən yaxşı nümunələrindən biri olub və ölkə əhəmiyyətli abidə kateqoriyasına layiq görülüb.

1814-cü ildə tikilmiş və 1828-ci ildə laz ustaları tərəfindən bəzədilmiş Satsixuri məscidi 2002-ci ilə qədər Didaçare kəndində yerləşib. Bu kənddə yeni məscid binasının inşasından sonra köhnə məscid Satsixuriyə köçürülüb.

Qeyd edək ki, məscid qoz ağacından tikildiyindən tez alovlanaraq qısa vaxtda tam yanıb.

***

10:31

Ötən gün axşam saatlarında Gürcüstanın Acarıstan bölgəsinin Xulo rayonunun Satsixuri kəndində məscid yanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, məscid mədəni irs abidəsi statusuna malik olub.

Satsixuri kənd məscidi 2006-cı ildə mədəni irs abidələri siyahısına daxil edilib.

Yanğının səbəbi hələ məlum deyil. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Gürcüstan Müsəlmanları İdarəsi dini ocağın yanğın nəticəsində dağılması ilə bağlı dərin kədərini ifadə edib. Qurum məscidin qısa zamanda bərpa olunacağına ümidvarlıq ifadə edib.

Qeyd edək ki, məscidin inşa tarixi XVIII əsrin sonu —XIX əsrin əvvəllərinə aid edilir.